Triple L: Life Long Learning
Dünya dəyişir, həm də çox böyük sürətlə. Bəs biz bu sürətlə ayaqlaşa bilirikmi? İstəsək də, istəməsək də, ayaqlaşmalıyıq. Biz buna məhkumuq, çünki dəyişən dünyanın tempinə uyğun dəyişməyən, yenilənməyən insan iş bazarında bir kadr kimi heç kimə maraqlı deyil. Uyğunlaşmadan uğur, müvəffəqiyyət barədə düşünməyə belə dəyməz. Əvvəlki sistemə qayıdış olmayacaq, bizi Triple L: Life Long Learning – ömür boyu təhsil gözləyir.
Müasir dünyada ayaqda qalmaq üçün insana hədsiz çox, 100-150 öncə yaşayan insandan qat-qat çox bilgi lazımdır. Əvvəllər əsas biliklər klassik metodla – əvvəl orta, sonra ali məktəb auditoriyası və diplom – əldə edilirdi. Bu yolla əldə edilmiş bilik insanı həyatının sonunadək işlə təmin edə bilirdi. İnsanın praktik fəaliyyəti üçün təxminən 25 il hazırlıq bəs edirdi. Bu gün isə böyük həcmli informasiya seli ilə üzləşən insanın 25 il ərzində bu bilgiləri tam əldə etməsi mümkünsüzdür.
Eyni zamanda nəzərə almaq lazımdır ki, ən konservativ sahələrdə belə biliklər hər altı-yeddi ildən bir yenilənir, bu biliklər təxminən yarısı öz aktuallığını sürətlə itirir.
“Sürətlə dəyişən dünya” , “ömür boyu təhsil” haqqında internetdən çoxsaylı məlumatlar əldə etmək olar. Amma dəyişikliklərin artan tempi və onun insanın ruhi durumuna təsiri ən az öyrənilən sosial hadisələrdəndir. Az öyrənilməsinə baxmayaraq alimlər belə qənaətdədirlər ki, dəyişikliklərin sürəti bizim ruhi tarazlığımızı pozur, bizim həyata baxışlarımızı dəyişir.
Ayaqda qalmaq və gələcəklə kələ-kəlləyə gəlmək şokundan qaçmaq üçün insan öz daxili tarazlığını nizamlamalı, dəyişikliklərə uyğunlaşma qabiliyyətini inkişaf etdirməli, onun uyğunlaşma bacarığı ata-babalarından müqayisəedilməz dərəcədə fərqli olmalıdır.
Ömür boyu təhsil yaxud dəyişən insan
Amma hər şeyin bir həddi olduğu kimi, insanın dözə biləcəyi dəyişikliklərin də, yəqin ki, həddi, sərhədi var. İnsan hər bir dəyişikliyə, hər bir uyğunlaşmaya öz fiziki və psixoloji ehtiyatlarının aşınması ilə cavab verir. Amma dəyişiklikdən imtina etmək də mümkün deyil, biz buna məhkumuq.
Bu okeanda üzən yelkənli kiçik gəminin iri dalğalara qarşı üzməsinə bənzəyir. Həyat okeandır, Siz isə gəmi. Üzmək, irəli getmək, gəmini çevirmək istəyən dalğaları aşmaq, dalğaya qalib gəlməlisiniz. Sonra yenidən növbəti dalğanı qarşılamalı və yenə də qalib gəlməlisiniz. Və bu təyinat nöqtəsinə çatanacan davam edəcək. İnadla, cəld düşünmə qabiliyyətinizlə və inamınızla. Bu mümkündür, sadəcə inanmaq lazımdır.
İnanın və üzərinizə gəlıən dəyişiklik dalğasına qarşı gedin. Ola bilər ki, büdrəyəsiniz. Qalxın və davam edin. Ən vacibi, ən əsası, qazandığınız bilikləri mütləq həqiqət sanmayın!
- Yeni bilgilər əldə edin, informasiya selindən sizə lazım olanını seçməyi öyrənin! Həyata uyğunlaşmağı öyrənin! İnadla davam edin.
- Həyat bu gün bitmir – sabah başqa gün olacaq və daha yaxşı ola bilər.
- Müvəqqəti büdrəmələr olacaq, dayanmalar, geriləmələr ola bilər, buna görə heç kimi günahlandırmayın. Günahı bir adama yükləyin, bu adam siz özünüzsüz.
- Pislikləri, sizi incidənləri unudun, bacarırsınzsa bağışlayın. Yığılan pisliklər sizin ruhunuzu məhv edir.
- Buraxılmış fürsətlər olacaq, buna kədərlənməyin. Qarşıdan gələnlərdən qorxmayın. Bu özümüzə inam gücümüzü on qat artırır.
- Sadəcə davam edin, xəyallarınızı həyata keçirməyə çalışın və inanın: özünüzə inanın, ruhunuza inanın.
- Unutmayın “insan hər varlıqdan üstündür” və vəzifəsi “beşikdən qəbr evinədək elm öyrənməkdir”.Öyrənmək heç vaxt gec deyil. Əsas ilk addımı atmaqdır.
- Ruhdan düşməyin, başınızı dik tutun. Arzularınızı reallaşdırın!
Dəyişən dünyada dəyişməyi bacarın! Əmin olun, siz bacaracaqsınız!

