Orta məktəb
Öz işini mükəmməl görməyə çalışan yüzlərlə insandan biriyəm. 7 yanvar 1966-cı ildə Zərdab şəhərində anadan olmuşam.
Orta məktəbi Zərdab şəhərində, Ş.Qurbanov adına 2 saylı orta məktəbdə oxumuşam. O dövrün bütün şagirdləri kimi oktyabryat da olmuşam, pioner, komsomol sıralarında üzv də. Bunların nə olduğunu bilməyənlər üçün izahat çox vaxt aparar. Maraqlananlar İnternetdə axtarış edib, ətraflı məlumat ala bilərlər.
Orta məktəbdə oxuduğum dövrdə şagird komitəsinə sədr də seçilmişdim, amma bir müddət sonra direktorla mübahisə etdiyim üçün kənarlaşdırıldım. Mübahisə ağac əkmək üstündə idi, lakin bu gün hər dəfə məktəbin yanından keçəndə, həmi direktora –Əşrəf müəllimə ürəkdən “Allah rəhmət eləsin!” deyirəm. Məhz onun sayəsində məktəb yaşıllığa bürünmüşdü.
Kiçik yaşlarımdan bədii kitab həvəskarı idim. Kitabxana, uşaq kitabxanası (məktəblilər üçün) və mərkəzi kitabxana (böyüklər üçün) kimi iki şöbədən ibarət idi. Uşaq kitabxanasına növbəti ziyarətim zamanı kitabxananın əməkdaşı, rəhmətlik Həcər xanım, artıq kitabxanada mənim oxumadığım kitab qalmadığın bildirdi. Digər əməkdaş Şəfiqə xanım “Gedək mənimlə” deyərək, öz adına mərkəzi kitabxanadan kitab götürüb oxumaq üçün mənə verdi. Bu bir neçə dəfə təkrar olundu. Sonradan instituta hazırlıq bədii ədəbiyyatı arxa plana keçirdi.
İctimai iş, instituta hazırlıq, bədii ədəbiyyat – bunlarla yanaşı orta məktəb illərində idmanla da məşğul olurdum. Məktəbin şagirdlərdən ibarət, təhsil şöbəsinin müəllimlərdən ibarət (o vaxt qaydalara görə iki şagirdə böyüklərin komandasında oynamağa icazə verilirdi) futbol üzrə yığma komandasının üzvü idim. İki dəfə məktəbin voleybol üzrə yığma komandasının tərkibində rayon çempionu oldum. Məktəblilərin hərbi-idman oyunları üzrə rayon və zona yarışlarında iştirak etmişəm.
Ali təhsil
İnstituta orta məktəbi qurtaran ili, 1983-cü ildə daxil oldum. 1988-ci həmin ali məktəbi, Xarkov Radioelektronika institutunu bitirərək EHM-in mühəndis-konstruktor-texnoloqu ixtisasına yiyələndim. Həmin 5- ildə təkcə ali təhsil almadım, həm də həyat dərsləri aldım, sərbəstliyin nə olduğunu bildim, öz qərarlarım üçün özümün məsuliyyət daşıdığımı öyrəndim.
2002-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında “Aqrar istehsalın iqtisadiyyatı və idarə edilməsi” ixtisası üzrə ixtisasartırma kursunu bitirdim. Buraxılış işimin mövzusu – “Kəndli – fermer təsərrüfatının planlaşdırılması” idi.
Fəaliyyətim
Əmək fəaliyyətimə 1988-ci ildə Bakı Elektron Hesablama zavodunun Xüsusi Konstruktor Bürosunda mühəndis-konstruktor kimi başladım. Bir il sonra ailəmizdəki durumla bağlı rayona qayıtdım. Və sonrakı əmək fəaliyyətimin bütün dövrü Zərdabla bağlıdır. Bu haqda daha ətraflı oxumaq istəsəniz, buraya keçid edin. Rayonda əmək fəaliyyəti ilə yanaşı bir sıra layihələrdə iştirak etdim. Onlar haqqında isə buradan oxuya bilərsiniz.
VƏ SAİRLƏR
Əvvəllər, XX əsrdə, tərcümeyi-hal yazanda həbsdə və xaricdə olan qohumlar haqqında da yazırdılar. Mən də ötən əsrdən qaldığıma görə, adət-ənənəni pozmuram. Həbsdə olanım olub, ulu babam Xanlar bəy Məlikov 1933-cü ildə antisovet təbliğatına görə həbs olunub. Sübutlar olmadığı üçün həbsdən azad ediblər. Bir-neçə ildən sonra isə heç sübuta ehtiyac qalmayıb – ailəliklə Qırğızıstana sürgün edilib, böyük oğlu Cəmil bəy Məlikov, qızı Bikə xanım istisna olmaqla. Onların öz ailələri olub, Stalin isə deyirdi: “Övlad ataya, ata övlada cavabdeh deyil”. Amma bu cavabdeh olmamaq da uzun çəkmir, 1938-ci ildə babam güllələnir. Həyat yoldaşı və digər 3 övladı ilə Xanlar bəy ömrünün axırına kimi sürgündə yaşayır.
Yaxın və uzaq xaricdə qohumlarım var – Məlikovlardan Qırğızıstanda da yaşayanlar var, Kanadada da. Bəs Cəmil bəy Məlikovun övladları necə Əsədov oldular? Qayınatası sürgün olunan, əri güllələnən nənəm Güllü xanım (ətrafdakılar ona belə müraciət edirdi – hər halda bəy qızı, bəy gəlini idi) övladlarını qorumaq üçün hamının gözünə girən “Məlikov” soyadını “Əsədov”-a dəyişir. Qayınatası Xanlar bəyin atası olan Əsəd bəy, vaxtı ilə Zərdab kəndinin məliyi Rəhim bəyin (Həsən bəy Zərdabinin babası) oğlu idi.
1988-ci ildən Zərdaba gələnəm, elə o vaxtdan da burada yaşayıram. Bir olan Allah və yerdə ailə üzvlərim şahiddir ki, buradan harasa getmək fikrim olmayıb. Zərdab sakitdir, rahatdır – tıxac problemi yox, avtobus gözləmirsən. Əslində heç nəqliyyata da ehtiyac yoxdur, yaxın vaxtlara qədər rayonun bir başından o bir başına piyada getməyə uzağı bir saat bəs edirdi. İndi rayon bir az böyüyüb (bəlkə də mən yaşa dolmuşam) daha çox vaxt lazımdır.
İki övladım var, bir qız, bir oğlan. Hər ikisi ali təhsilidirlər.
Məncə bu qədər bəs edər….
Excel Consulting
Phone: +1 916-875-2235
Email: jhondeo@jhonsweb.com

